Payız Azərbaycanda ilin gözəl mövsümüdür – ilin bu çağında ölkənin təbiət mənzərələri qırmızı, narıncı və qızılı çalarlarla alışıb-yanır. Payız sərin və təmiz havada avtomobil səyahəti üçün ideal vaxtdır! Siz bu gözəl ölkənin bir-birindən maraqlı bölgələri üzrə səyahətdən həqiqətən zövq alacaqsınız.
Bu bələdçidə biz payız mövsümündə avtomobil icarəyə götürərək səyahətə çıxmaq üçün Azərbaycanın gəzməli-görməli yerlərinin siyahısını hazırlamışıq.
Səyahətinizə Bakıda başlayaraq, şimala doğru - Azərbaycanın “Alma paytaxtı” (Variant 2. “Alma bağı”) adlandırılan Quba şəhərinə yola düşün. Marşrut boyu siz alma və üzüm bağları ilə zəngin olan mənzərəli kənd yerlərindən keçəcəksiniz. Qubada isə sizi təmiz dağ havası, Təngəaltı dağ kanyonunun (Təngə dərəsinin) füsunkar gözəlliyi və yerli almaların misilsiz dadı gözləyir!
Şəkiyə getmək üçün qərbə doğru yola düşün. Bu tarixi şəhər Böyük Qafqaz dağları ilə əhatə olunub. Şəhərin arxitektur gözəlliyi rəngarəng payız bitkiləri arasında sanki bərq vurur. Şəkidə Xan sarayına mütləq baş çəkin və ləzzətli Şəki paxlavasının dadına baxmağı unutmayın!
Avtomobili Şəkidən birbaşa Qəbələyə sürərək maraqlı səyahət edin. Buradakı dağ yollarından gur şəlalə və çayların, eləcə də sıx meşələrin heyrətamiz mənzərəsini seyr edə biləcəksiniz. Qəbələ açıq hava həvəskarları üçün əsl cənnətdir: burada payızın möhtəşəm mənzərəsi fonunda at sürmək, ziplayn (kanat yolu) və piyada yürüş üçün unikal imkanlar var.
Mis sənətkarlığı ilə məşhur olan qədim Lahıc kəndinə doğru səyahət edin. Burada siz müxtəlif bitki örtüyünün heyrətamiz mənzərəsini göstərən dolanbac dağ yolları ilə getməli olacaqsınız. Bununla yanaşı, sizi kəndin daş döşənmiş küçələri və öz əl işlərini sərgiləyən sənətkarlar gözləyir!
Cənuba doğru irəliləyərək, payız yarpaqlarının rəngarəng qobelenə çevrildiyi Göygöl Milli Parkına səyahət edin. Parkın ərazisində ətrafı meşə və cığırlar ilə əhatə olunmuş Göygöl gölü sizi heyran edəcək. Bura piknik və digər açıq hava istirahəti üçün ideal yerdir!
Payız mövsümündə Azərbaycanın bir-birindən gözəl bölgələri üzrə səyahətə çıxmaq heyrətamiz mənzərə, mədəni müxtəliflik və yerli əhalinin mehribanlığı sayəsində əsl zövqə çevrilir! Avtomobil icarəyə götürərək yola çıxın və ilin bu sehrli vaxtında Azərbaycanın füsunkar gözəlliyindən həzz alın!